Cavid Zeynallı “Şükriyyə” tamaşası haqqında
Əsər 1937-ci ildə repressiyaya məruz qalmış qadınlardan biri olan Şükriyyə haqqındadır. Repressiya illərində zülmə məruz qalmış qadınlardan söhbət düşəndə, neçə-neçə qadın, o cümlədən Şükriyyə yada düşür. Bu yəqin ki, onun Əhməd Cavada olan sevgisi, 8 illik dəhşətli sürgünlük həyatı, bir ana olaraq övladlarından ayrı düşməyi və özünü qorumaq üçün etdiyi məlum hərəkətlərlə bağlıdır.
Əsərdə müəllif məlum faktlardan istifadə edərək Şükriyyə obrazının hərtərəfli təsvirinə çalışıb.
Qeyd olunduğu kimi, əsər Şükriyyə haqqındadır və o, Stalin rejiminin repressiya qurbanlarından biridir. Belə qadınların isə sayı yüzlərlədir. Həyat yoldaşı Əhməd Cavadın qeyrətini qorumaq üçün, namusuna təcavüz olmasın deyə, Şükriyyə paltarlarını çıxarıb tualetin döşəməsini silir, saçını, üz-gözünü murdarlayır ki, ona dəyməsinlər. Zülm və zorakılığa məruz qalan insan özünü qorumaq üçün müqavimət göstərməyə və özünü qorumağa çalışır.
Əsərin baş qəhrəmanı olan Şükriyyənin bu hərəkəti bir növ qeyri-normal quruluşa və insanları məhv edən sərt rejimə qarşı onun etirazdır.
Müəllifin qələmə aldığı həyat hekayəsi haqqında gəldiyi qənaət, təlqin etdiyi fikir budur.
Bir qadının dəhşətli həyat və sürgün hekayətindən bəhs edən “Şükriyyə” tamaşasını tamaşaçıların sonsuz maraqla qarşılayacaqlarına əminik.