Qaraca qız

Tədbir haqqında

S. Axundov, A.Şaiq “Qaraca qız”

Yaş həddi: 8+

Müəllif: S.S.Axundov və A.Şaiq

Quruluşçu rejissor: Cənnət Səlimova (Xalq artisti)

Baş rolların ifaçıları: Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar Seyfullayev, Elnur Bəhramxan (Əməkdar artist), Zümrüd Quliyeva, Aygün Fətullayeva 

Janr: nağıl-tamaşa

Tamaşanın müddəti:   - 1 saat

Azərbaycan ədəbiyyatı tarixində hekayə janrında dərin iz qoymuş S.S. Axundovun «Qorxulu nağıllar» silsiləsinə daxil olan əsərlərindən biri də «Qaraca qız» hekayəsidir.  Bu hekayə  ölkəmizdə məşhur, həm də çox sevilən əsərlərdən biridir. Xalq yazıçısı Abdulla Şaiq yazıçı ilə birlikdə bu hekayəni səhnələşdirir. Tamaşa hələ ötən əsrin qırxıncı illərindən başlayaraq, teatrımızın repertuarının ən uğurlu tamaşalarından biri olmuşdur.

Teatr “Qaraca qız” əsərinə müasir gəncliyin gözü ilə baxaraq, onun tərbiyəvi əhəmiyyətini nəzərə alıb tamaşaçılara hədiyyə etdi.

Əsərin baş qəhrəmanı Tutu zəlzələ zamanı valideynlərini itirir və o, qaraçılar tərəfindən götürülüb tərbiyə olunur. Burada onun həyatı heç də xoş keçmir, döyülür, incidilir. O, əzab-əziyyətə qatlaşaraq pul qazanır. Xeyirxah qız onu himayəyə götürən qaraçı ailəsinin qızı Yasəmənə mehrini salır. Tezliklə ondan da  ayrılmalı olur, çünki bu gənc və gözəl qadın sevdiyi adamla qaçır. Lakin Tutunun arxasınca gələndə onu məskunlaşdıqları yerdə tapa bilmir.

Əyalətdə  çox varlı olan  Hüseynqulu ağa ov zamanı Tutunu tapır və onu  evinə gətirir.  Hüseynqulu ağanın yeganə övladı olan Pəri  tənhalıqdan  və mürəbbilərindən bezdiyi üçün Tutu ilə dostluq etməyə başlayır.

Kübar cəmiyyətin təmsilçiləri ilə sadə insanların həyat tərzi, mənəvi dünyası arasındakı fərq Qaraca qızın faciəsinə səbəb olur.  Qızların həyat şəraiti kəskin fərqlənsə də, onlar bir-birinə mehribanlıq  göstərir, bir yerdə olmağa çalışırlar. Lakin Ağcanın anası Pəricahan xanım Qaraca qıza həqarətlə baxır və qızının onunla dostluq etməsini ailəsinə yaraşdırmır. Beləliklə, Qaraca qızı Ağcadan ayırır. Buna görə Hüseynqulu ağa Tutunu Piri babaya himayəyə verir. Piri baba kasıb olsa da, cəsarətlidir, heç kimdən qorxmur. O, Qaraca qızı səmimiyyətlə qəbul edir və ona mehribanlıq göstərir.

Əsərdə Qaraca qız dostluğuna sadiq qalır. O, Ağcanı ölümdən qurtarmaq üçün həyatını qurban verməkdən belə çəkinmir. Dostu Ağcanı ölümdən qurtaran Qaraca qız həyata gözlərini əbədi yumur.

Tamaşa uşaqlara xeyirxahlıq, düzlük, mərdlik kimi müsbət keyfiyyətlər aşılayır, onları doğru yola istiqamətləndirir. Qaraca qızın açıqürəkliliyi, dostluğuna sadiq qalması ona qarşı dərin rəğbət hissi oyadır. Müəllifin də, tamaşamızın da ötürmək istədiyi mesaj da budur ki, müasir gənclərimiz Qaraca qız kimi səmimi, sədaqətli, əsl dost olsunlar.

Yaş məhdudiyyəti / Dil

8+ / Azərbaycanca
Qaraca qız Qaraca qız

Məkan yeri